Otuz ildən artıqdır ki, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün çalışan Azərbaycan hər dəfə sülh yolu ilə bu problemi həll etməyə çalışırdı. Ancaq artıq Ermənistan tərəfi heç bir şərtə əməl etmir və atəşkəsi dəfələrlə pozurdu. Belə olan halda, II Qarabağ müharibəsinin başlanması qaçılmaz oldu. Beləliklə, 27 sentyabr 2020-ci ildə müharibə başlandı. 24 sentyabr 2020-ci ildə AR prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı olmuşdur. Videoformatda baş tutan görüşdə prezident Azərbaycan-Ermənistan münasibətlərinə aydınlıq gətirmişdir. İ.Əliyev qeyd etmişdir ki, ölkə ərazisinin təxmini 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. BMT Nizamnaməsini pozan Ermənistan Azərbaycana qarşı güc tətbiq edib Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu ələ keçirmişdir. Bunun nəticəsində isə bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından ayrılıb qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları qovmuş və mülki əhaliyə qarşı cinayətlər törətmişdir. Azərbaycan torpaqlarının işğalına görə məsuliyyətdən yayınmaq üçün Ermənistan bu ərazilərdə özünün qondarma rejimini yaratmışdır.Hələ illər əvvəl – 1992-ci ildə Ermənistan Xocalı soyqırımını da törətmişdir. Nəticədə isə Xocalının 613 dinc sakini – 106 qadın və 63 uşaq olmaqla amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı ondan artıq ölkə tərəfindən tanınmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edir. Başqa dövlətin torpaqlarını işğal edən Ermənistan Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuş, həmin ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparmışdır. Qeyri-qanuni məskunlaşdırma 1949-cu il Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquququn ciddi şəkildə pozulması deməkdir. Ermənistan yenə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan öz mənfur siyasətini həyata keçirməklə məşğuldur. Buna görə də, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır. Ermənistan işğal etdiyi ərazilərdən azərbaycanlıları kənarlaşdırmaqla kifayətlənməmiş, Azərbaycan xalqına məxsus tarixi və dini abidələri dağıtmış, mədəni mirasa xeyli ziyan vurmuşdur. Onların belə etməkdə məqsədi isə bu ərazilərdən azərbaycanlılara aid bütün izləri silmək olmuşdur. 44 gün davam edən müharibə ərzində prezident İlham Əliyevin siyasəti və qəhrəman Vətən oğullarının rəşadəti sayəsində işğal edilmiş ərazilərin böyük bir hissəsi azad edilə bildi. Daha sonra 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu, öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən çıxardı. Beləliklə, 44 günlük II Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı.